“Ölüm yatağında olan xəstə” dirildi| Türkiyə Avropanın xilaskarına çevrilir

2025/03/1741179733.jpg
Oxunub: 744     17:42     05 Mart 2025    
ABŞ və Avropa arasında yaranmış fikir ayrılıqlarının əsas benefisiarı, heç şübhəsiz, Rusiyadır. Məhz bu durum Rusiya üçün Ukraynada müharibəni davam etdirmək istiqamətində əlavə “legitim əsas” yaradır. “Rus azadlıq əsgərinin yürüşü”nün daha nə qədər davam edəcəyi yaxın aylarda bəlli olacaq. Ağ Evdən adının açıqlanmasını istəməyən yüksək səviyyəli mənbə bildirib ki, ABŞ Ukraynaya bütün növ dəstəyi dayandırıb, lakin bu, hələlik yalnız müvəqqəti fasilə xarakteri daşıyır. Rusiya, heç şübhəsiz, Donald Trampın bu “hədiyyəsi”ndən istifadə edərək, Ukraynanın son qüvvələrini Kurskdan çıxarmağa və mümkün qədər daha çox ərazi ələ keçirməyə çalışacaq.

Bu hadisələr fonunda Ukrayna məsələsində Türkiyənin mövqeyi daha çox maraq doğurur. İslam dünyasında müqəddəs Ramazan ayı münasibətilə “Səfirlərlə iftar” tədbirində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Bəli, biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, amma tərəflərin birbaşa iştirakı olmadan heç bir həll mümkün deyil”.

Ərdoğan Avropanın təhlükəsizlik məsələsinə də toxunaraq, NATO-nun ikinci ən böyük ordusuna malik Türkiyənin iştirakı olmadan Avropanın təhlükəsizliyinin təmin edilməsinin qeyri-mümkün olduğunu açıq şəkildə bildirib. Türkiyə prezidenti məsələni həm də İslam dünyasının beynəlxalq nüfuzunun institusionallaşdırılması kontekstində təqdim edib:

“Yer kürəsi əhalisinin dörddə birini təşkil edən İslam dünyası, BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə təmsil olunmalıdır”, - deyə Ərdoğan qeyd edib və dünyada qərarların cəmi beş ölkənin əlində cəmləşdiyini vurğulayaraq, mövcud beynəlxalq düzəni ədalətsiz adlandırıb.

Burada söhbət açıq şəkildə BMT Təhlükəsizlik Şurasının veto hüququna sahib olan beş daimi üzvündən gedir. Bu ölkələr beynəlxalq məsələlərin müzakirəsi zamanı öz milli maraqlarına uyğun gəlməyən istənilən qərarı bloklamaq hüququna malikdirlər. Əslində, Ərdoğan Türkiyənin də həmin ölkələrlə eyni hüquqları əldə etməsi məsələsini qaldırır.

Diqqətəlayiq məqamdır ki, Ərdoğan son dövrlərdə Malayziya, İndoneziya və Pakistana səfər edib. İslamabadda Pakistanın baş naziri onu təkcə Türkiyənin deyil, bütün İslam aləminin lideri kimi təqdim edib. Çox güman ki, bu təsadüfü bəyanat deyil və müəyyən siyasi niyyətlərə xidmət edir.

Ərdoğanın bu səfərlərindən dərhal sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan İranı sərt şəkildə tənqid edərək, qonşularına “Əgər qonşunun pəncərəsinə daş atmağa davam etsəniz, öz pəncərəniz də daşlana bilər” xəbərdarlığını edib. Fidan martın 2-də Londonda Ukraynaya dəstək məqsədilə təşkil edilmiş “Həmrəylik sammiti”ndə iştirak edib və Böyük Britaniyanın Baş naziri Starmer ilə ayrıca görüş keçirib.

ABŞ prezidenti Donald Trampın beynəlxalq arenadakı ilk görüşlərində Ərdoğanla da görüşəcəyinə dair Türkiyədə əvvəllər müəyyən gözləntilər var idi. Lakin hələ ki, bu istiqamətdə konkret işarələr mövcud deyil. Ərdoğanın Avropanın “təhlükəsizliyini təmin etmək üçün hazır olma” barədə son bəyanatları bir tərəfdən Trampın diqqətini çəkməyə yönəlmiş diplomatik gediş kimi qiymətləndirilə bilər, digər tərəfdən isə Rusiyaya ünvanlanmış mesaj xarakteri daşıyır.

Xatırladaq ki, XIX əsrin sonunda Osmanlı imperiyası Avropanın “ölüm yatağında olan xəstəsi” kimi səciyyələndirilirdi. İndi isə Türkiyə Avropanın təhlükəsizliyinin mümkün xilaskarı kimi çıxış edir. İslam ölkələrinin səfirləri ilə iftar ziyafətində çıxış edən Ərdoğan bildirib ki, Türkiyə heç kimə regiona yeni xəritələrlə daxil olmağa imkan verməyəcək. O, bəzi dövlətləri Yaxın Şərqdə “yeni coğrafiya yaratmaqda” günahlandırıb.

Türkiyə mənbələrinin yaydığı sosial sorğunun nəticələrinə görə, türk ictimaiyyəti ölkə üçün bir nömrəli təhlükə olaraq ABŞ-ni görür, ikinci sırada isə İsrail dayanır. Belə bir şəraitdə Avropa Türkiyə himayəsini qəbul etməyə hazırdırmı?

Rusiya prezidentinin mətbuat katibi rus-türk münasibətlərində soyuqluq yarandığı barədə xəbərləri yalanlayıb. Görəsən, Moskvanın Ankaraya təklif etmək istədiyi hansı yeni təklif və ya əməkdaşlıq modeli var?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   ABŞ   Avropa   Türkiyə  


Bizi "telegram"da izləyin